6-cı Maddənin tam fəaliyyəti ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (MSMT) həyata keçirilməsi üçün illik xərclərini təxminən 250 milyard ABŞ dolları azalda bilər.
Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Davamlılıq və İqlim Mərkəzinin (CSC) təsisçi direktoru, Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin dəvətli mühazirəçisi, professor Mohammad Nurunnabi bildirib.
Onun sözlərinə görə, 2024-cü il mövcud geosiyasi vəziyyəti nəzərə alaraq kifayət qədər çətin olaraq qalır. Lakin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkələrə əhalini və iqtisadiyyatı iqlim fəlakətlərindən qorumağa, həmçinin təmiz enerjinin üstünlüklərindən istifadə etməyə kömək edəcək yeni maliyyə hədəfinin razılaşdırılması üçün əhəmiyyətli səylər göstərilib.
Professor planetin gələcəyi naminə hamı üçün vacib olan gündəliyin həyata keçirilməsinə ümid verdiyinə görə COP29 sədrliyinə təşəkkürünü bildirib.
M.Nurunnabi xatırladıb ki, COP29-da 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutan iqlim dəyişikliyi ilə mübarizəyə dair təklif olunan sazişin yekun versiyası təsdiqlənib, eləcə də Paris Sazişinin emissiya kvotası ticarətini tənzimləyən 6.2 və 6.4-cü maddələrinə xüsusi diqqət yetirilib.
“COP29-da iqlim maliyyələşdirilməsinə dair saziş bütün ölkələrin qarşısına 2025-ci ildə milli səviyyədə müəyyən edilmiş daha səmərəli töhfələr (NDC) təqdim etmək öhdəliyi qoyur. Temperatur artımını 1,5°C hədəfində saxlamaq üçün bu yeni iqlim planları bütün istixana qazlarını və sektorları əhatə etməlidir. COP29-da G20-nin iki ölkəsi – Böyük Britaniya və Braziliya aydın şəkildə bildirdilər ki, onlar NDC3.0 çərçivəsində iqlim fəaliyyətlərini gücləndirməyi planlaşdırırlar, çünki bu, onların iqtisadiyyatı və xalqlarının maraqlarına tam uyğundur”, – o bildirib.M.Nurunnabi qeyd edib ki, karbon bazarları üzərində iş Bakıda başa çatmayıb: “Tərəflər yeni karbon kredit mexanizmini yaradan müşahidə orqanına 2025-ci il üçün uzun tapşırıqlar siyahısı təqdim ediblər və bu orqan əvvəlki kimi onlara hesabat verəcək”.