Parlamentin qətnamələri Parisin regionda itirməkdən qorxduğu nüfuzunu qorumaq cəhdidir

Uzun illərdir erməni diasporunun və lobbisinin Fransa xarici siyasətinə mühüm təsiri inkarolunmaz həqiqətdir. Lakin bu gün Azərbaycana məsafə baxımından uzaq olan Fransanın Cənubi Qafqazla bağlı siyasətində meydana çıxan ziddiyyətli məqamları yalnız erməni lobbisinin təsiri ilə əlaqələndirmək doğru olmazdı. Fransa istər Birinci Qarabağ müharibəsi, istər 30 il müddətində gedən danışıqlar zamanı, nəhayət 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə açıq və ya gizli şəkildə daim Ermənistana rəğbətini və himayədarlığını hiss etdirib. İkinci Qarabağ müharibəsi bitdikdən qısa müddət sonra Fransa Senatının heç bir hüquqi qüvvəsi olmayan “Dağlıq Qarabağ respublikası”nı tanıyan qətnamə qəbul etməsini bu ölkədə müəyyən dairələrin ermənilərin ağır məğlubiyyətindən yaranan narahatlığı kimi qəbul etmək olar.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.Deputat bildirib ki, Fransa özü müstəmləkəçi ölkə olub. Tarixdə qanlı qırğınların səbəbkarı olan bu dövlət sanki bu gün həmin siyasətini Ermənistan vasitəsilə davam etdirmək istəyir. Lakin Azərbaycan nə Fransanın, nə də başqa bir dövlətin müstəmləkəsi deyil. Fransanın Cənubi Qafqaza, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinə olan bu marağı təbii ki, bir amillə bağlı deyil. Belə ki, beynəlxalq münasibətlərin xarakterini müəyyən edən bəzi maraqlar var. Məhz bu amilə görə Fransa Türkiyə kimi güclü dövlətin Cənubi Qafqazda nüfuzunun artmasından narahatdır. Çünki Orta Şərqin bir sıra ölkələrində, Şərqi Aralıq dənizi hövzəsində Paris və Ankaranın geostrateji, iqtisadi maraqları diametral olaraq toqquşur. Fransa və bir sıra hegemon dövlətlərin maraqlarının toqquşduğu daha bir region ölkəmizin də yerləşdiyi Cənubi Qafqazdır. Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətini artıran əsas məqamları, geosiyasi mövqeyi, yəni, Şərqlə Qərb arasında körpü rolunu oynaması, Orta Şərq regionuna yaxınlığı, zəngin enerji resurslarına malik olmasıdır. Lakin Fransa Azərbaycanın qardaş ölkə olan Türkiyə ilə münasibətlərini həzm etmək istəmir, Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqeyə sahib olmaq niyyətindədir. Bu səbəbdən də münaqişənin davamlı olması Fransanın marağındadır. Çünki Ermənistan Azərbaycanın əlverişli ərazilərini işğal etmişdi və bu da bəzi dövlətlərin qeyri-qanuni fəaliyyətləri üçün yaxşı şərait yaradırdı.Müşfiq Cəfərov, həmçinin qeyd edib ki, Fransa Senatında qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən sonra yenidən ölkəmiz əleyhinə qətnamənin qəbulu firənglərin beynəlxalq hüquqa hörmətsizliyinin daha bir sübutu olmaqla yanaşı, həm də regionda itirməkdən qorxduğu nüfuzunu qorumaq cəhdidir.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir