Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Prezident İlham Əliyevin regionlara səfərləri geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir – Ekspert

Avqustun 7-də Prezident İlham Əliyev Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfər edərək, təhsil, səhiyyə, istehsal müəssisələrinin açılışlarında iştirak etdi, yaradılan şəraitlə tanış oldu. Belə səfərlər regionlarımızın hərtərəfli inkişafına böyük töhfə verir, eyni zamanda, geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.
O bildirib ki, bu səfərləri bir neçə aspektdən dəyərləndirmək lazımdır. Birincisi, bu, ölkəmizdəki sosial-iqtisadi inkişafın, xüsusilə də regionlarda infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, əhalinin məşğulluğu kimi məsələlərin daim diqqət mərkəzində olduğuna sübutdur. Həm də bu inkişaf yalnız mərkəzdə – paytaxt və onun ətrafında deyil, Azərbaycanın bütün regionlarında müşahidə olunur. İkincisi, dövlətimizin başçısının bu təhsil ocaqlarında yaradılan şəraitlə tanışlığı ölkədə təhsilə və onun inkişafına göstərilən diqqət və qayğının önəminə dəlalət edir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması gənc nəslin daha savadlı və bacarıqlı yetişməsinə hesablanıb. Əminəm ki, bu, həm də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edəcək.
Onun sözlərinə görə, Prezidentin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinə səfəri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu, Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin təchizatı, müasir silah-sursat və avadanlıqlarla təminatı, döyüş hazırlığı səviyyəsi daim prioritet məsələlərdən olmasının göstəricisidir. Həmçinin Prezidentin bu səfəri nümayiş etdirdi ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da dövlətimizin, onun rəhbərinin diqqəti mərkəzindədir.
“Regionlarımızın tərəqqisi bütövlükdə ölkəmizin inkişafına, əhalisinin rifahının yüksəlişinə zəmin yaradır, o cümlədən Cənubi Qafqazın nəinki hərbi, həm də iqtisadi-sosial baxımdan ən qüdrətli dövlət olmasını əsaslandırır”, – deyə ekspert vurğulayıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir