Turizm üzrə ekspert Ceyhun Aşurov: “Kəlbəcər və Laçın kimi dağ rayonlarında ovçuluqla bağlı imkanlar olsa da, ovçuluq və brakonyerliyin olmamasına ciddi nəzarət vacibdir”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Bu dəfə isə mövzu ilə bağlı müsahibimiz turizm üzrə ekspert Ceyhun Aşurovdur.
– Azərbaycanda ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin təsirlərinin aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bu, eyni zamanda, insanlarımızın təbiətlə ünsiyyətində, azad olunmuş ərazilərin reinteqrasiyası prosesində də aktual məsələdir. Fikirlərinizi bilmək istərdik.
– Bildiyimiz kimi, işğaldan azad olmuş ərazilərimizdə infrastruktur layihləri həyata keçirilir və bu layihələrlə əlaqədar olaraq, yolların çəkilməsi, yaşayış məskənlərinin bərpa olunması, yenilərinin tikilməsi, insanların həmin məsənlərə köçürülməsi, iş yerlərinin açılması, minaların təmizlənməsi, təhlükəsizlik vəziyyətinin yaradılması ilə bağlı ciddi işlər görülür. Əsas odur ki, bu addımlar çox sürətlə gedir və paralel olaraq da orada məskunlaşma, iş yerlərinin açılması ilə bağlı məsələlər davam etdirilir. Ona görə də oradaki rekreasiya resurslarının qorunması, imkanların olması turizm potensialının gələcəkdə düzgün və səmərəli şəkildə istifadəsinə ciddi şərait yaradır. Məskunlaşmanın gələcəkdə artması, əhalinin sıxlaşması ilə əlaqədar olaraq orada iqtisadi canlanmanın olması labüddür və bununla paralel olaraq isə ətraf mühitin istehlakı, ətraf mühitə insanların təsirləri gözlənilir. Bununla əlaqədar olaraq da su hövzələrinin, ətraf mühitin qorunması vacib məsələlərdən biridir. Bunlarla paralel olaraq, maarifləndirmə işləri aparılmalıdır, ekoturizm istiqamətində insanları maarifləndirmə, gələn turistlərin təbiətə təsirlərinin minimallaşdırılması məqsədilə ekoturizm istiqamətində işlərin aparılması, təbiətin,su hövzələrinin qorunmasına öz müsbət təsirini göstərir. Ümumiyyətlə, parkların, orada rekreasiya ehtiyatlarının qorunması, lazım olan nişan və işarələrin qoyulması, ətraf mühiti təmiz saxlamaqla bağlı vaxtlı-vaxtında öncədən qoruyucu tədbirlərin alınması və məlumatların yerləşdirilməsi, ara-sıra orada müəyyən aksiyaların keçirilməsi, mətbuat sayəsində işıqlandırılmasına geniş ehtiyac var.
– Qarabağda ekoturizmin inkişafı, bu sahədə standartların oturuşması, ümumiyyətlə, ətraf mühitin qorunması sahəsində hansı risklər və maneələr ola bilər?
– Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası, nəinki Qarabağ bölgəsində, ümumiyyətlə, regionda ciddi bir riskdir. Onun məhz sərhəddə yerləşməsi, tullantılarının çayla axıdılaraq ərazimizə keçirilməsi və bu kimi halların istənilən halda, təbiətimizə mənfi təsirləri vardır. Həm də ətrafdakı ölkələrə də ciddi risk yaratmaqdadır. Ona görə, bununla bağlı beynəlxalq çağırışlar ola bilər, ara-sıra beynəlxalq tədbirlərdə bu məsələ qaldırıla bilər. Bu, daha çox düşünülən bir az da siyasi məsələdir ki, bunun işıqlandırılmasına vaxtaşırı ehtiyac var.
– Bölgədə ekoturizm potensialından hansı üsullarla düzgün yararlanmaq daha ağlabatandır?
Yaşıl artım prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq, səmərəli reinteqrasiyaya töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Təəssüflər olsun ki, işğal müddətində bir sıra ərazilərimizdə su hövzələri qurudulmuş və meşə örtüyü talanmış,ağaclar qırılmışdır. Tarixən də Qarabağ bölgəsi yaşıl örtüyün daha sıx olduğu, dağlıq ərazinin olduğu, öz hava şəraiti və təbiətinə görə müsbət mənada fərqlənən ərazilər olmuşdur. Həmin ərazilərin turistik potensialı yüksəkdir. Gələcəkdə o ərazilərdə yaşıllığın, parkların salınması, yaşıllıq örtüyünün artırılması vacib addımlardan birirdir.
– Bu sahədə dövlət və müvafiq qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə fikirləriniz nədir?
– Düşünürəm ki, işgaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən də siyasət ondan ibarətdir ki,ora daha həssaslıqla yanaşılır, tam şəkildə yenidən qurulur və ora ciddi şəkildə investisiyalar qoyulur. Tam qorunmuş ərazi olaraq orada ağıllı kəndlər, ağıllı şəhərlər salınır və onun təbiətinin qorunmasının da çox ciddi şəkildə həyata keçiriləcəyinə inanıram. Təbii ki oranın su hövzələrində, heyvandarlığın inkişaf etdiyi rayonlarda, Kəlbəcər və Laçın kimi dağ rayonlarında ovçuluqla bağlı imkanlar olsa da, ovçuluq və brakonyerliyin qarşısını alınması məsələlərinə ciddi şəkildə ehtiyac var. Bu ərazilər ciddi nəzarət altında olduğu üçün düşünmürəm ki, orada hər hansı özbaşınalıq, ovçuluq fəaliyyəti həyata keçirilsin, turistlərin qaydalara əməl etməməsi və yaxud da yerli və xarici turistlərin,vətəndaşların təbiətə hər hansı zərər verə biləcəyi fəaliyyətlərin qarşısının alınmaması kimi hallar baş verə bilməz.
– Daha hansı tədbirlər görülə bilər?
– Bu sahədə tədbirlərin gücləndirilməsinə, ilk növbədə, orada yaşayan lokal və məskunlaşacaq insanları maarifləndirməklə başlanılmalıdır. Maarifləndirmə işinə orada məktəblər və Qarabağ Universitetindən də başlanıla bilər. Gənclər arasında bu məsələdə təbliğat, maarifləndirmə işləri daha da genişləndirilməlidir. Eyni zamanda, oraya gələn turistlərin xüsusən təbiətlə bağlı həssas yanaşmaları bələdçilər səviyyəsində çatdırılmasında bir fayda vardır. Günümüzün tələbidir ki, maarifləndirmə işləri sosial media vasitəsilə lazım olan seqmentlərə çatdırılsın.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.