Günü-gündən Azərbaycanın dünya dövlətləri ilə mövcud əlaqələri daha da inkişaf edir, dərinləşir və ölkəmizlə yeni-yeni əməkdaşlıq müqavilələri imzalanır. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı təşkilatları ilə də yaxından əməkdaşlıq edir, sülhə, inkişafa hesablanmış təşəbbüslər irəli sürür, beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi edir. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyada öz nüfuzuna və gücünə görə lider ölkələrdəndir. Dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə, mövcud əlaqələri daha da inkişaf etdirməyə, ölkəmizin ev sahibliyi etdiyi layihələrdə iştiraka can atır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, noyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açmaqla yanaşı mövcud əlaqələrin inkişafına böyük təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama arasında görüşlər keçirildi. Eyni zamanda, dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Dövlətimizin başçısı Azərbaycanla Albaniya arasında konstruktiv siyasi dialoqun mövcudluğunu qeyd edərək, Albaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu bildirdi. 30 illik işğal dövründə və İkinci Qarabağ müharibəsi zamanı Albaniya rəsmilərinin bəyanatlarını xatırladan Prezident İlham Əliyev ölkəmiz tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyin çox yüksək qiymətləndirildiyini vurğuladı. İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanaraq Azərbaycanın öz əzəli torpaqlarını işğalçılardan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyi bildirən Ali Baş Komandanımız İlham Əliyev, işğal müddəti ərzində Ermənistanın törətdiyi vandalizm haqqında məlumat verərək bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağının dalğalandığını söylədi. Daha sonra dövlətimizin başçısı Azərbaycanın zəngin qaz ehtiyatları haqqında və Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışdı. Eyni zamanda, Albaniyada bu günə qədər qaz şəbəkəsinin yaradılmadığını bildirən Azərbaycan Prezidenti ölkəmizin bu sahədə investor kimi iştirak edə biləcəyini qeyd etdi: “Ümumilikdə Prezident İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri iki ölkə arasındakı mövcud əlaqələrin inkişafı və yeni-yeni əməkdaşlıq perspektivləri baxımından xeyli məhsuldar və səmərəli oldu”.