Müstəqil və hüquqi dövlət olan Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə dövlətimiz tərəfindən ardıcıl və sistemli addımlar atılır, islahatlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, eləcə də beynəlxalq təcrübələrə əsaslanaraq, qəbul edilən qanunlar ölkəmizi hüquqi demokratik dövlətə çevirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Zəfər qazanmış Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aparılan dərin islahatlar bütün sahələri əhatə etdiyi kimi, formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi yeni Qanunun qəbulunua zərurət yaratmış oldu. Bildiyimiz kimi, 1992-ci il 3 iyun tarixində qəbul edilmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan artıq 30 il zaman ötürdü. Əlbəttə ki, bu illər məsafəsində Azərbaycan sürətlə inkişaf edərək dünya birliyində yüksək nüfuza sahib olub, müasir, modern dövlət olaraq numunəyə çevrilib. Belə bir şəraitdə siyasi partiyaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da zamanın tələbidir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatların təzahürüdür. “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması zamanı demokratik prinsiplərin qorunmasına üstünlük verilib və müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Sözügedən Qanun layihəsinin hazırlanması zamanı qabaqcıl dünya ölkələrinin təcrübəsinə nəzər salınıb və 30 il əvvəl qəbul edilmiş Qanundan fərqli olan məqamları özündə əks etdirir.
Qeyd edək ki, Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub. Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə keçirilib.
Müstəqil və demokratik bir dövlətdə hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi, bir çox üstünlüklər Azərbaycanda siyasi partiyalara göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycanın hüquqi demokrtik dövlət olduğu bir daha diqqət çəkir.
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi prioritet vəzifələrdən biridir və Qanuna əsasən, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcək.
Yeni Qanun siyasi partiyaların təsis edilməsində və fəaliyyətində də qarşıya ciddi vəzifələr qoyub. Yeni Qanuna əsasən, siyasi partiyaların Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, həmçinin terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, o cümlədən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması məqsədilə təsis edilməsinə yol verilmir.
Sözsüz ki, bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı, onu xarici təsirlərdən qoruyur. Siyasi partiyalar haqqında qəbul olunmuş yeni Qanun müasir dövrün tələblərinə uyğun olaraq, reallıqlarını özündə əks etdirir. Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda siyasi münasibətlər sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri