Sovet hökumətinin xalqımıza qarşı deportasiya cinayətləri

“Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər”

 

Ermənilərin hələ formalaşmamış şəkildə müxtəlif ölkələrin ərazisində milli azlıq kimi yaşadığı vaxtlar I Pyotrun dövrünə təsadüf edir. Həmin zamanlar çar Rusiyası onları himayəsinə alaraq Cənubi Qafaqazda yaşamalarına şərait yaradıb. Ermənilər Azərbaycan torpaqlarına ərazi iddiasını gerçəkləşdirmək, bu torpaqlar hesabına “erməni dövləti” yaradılması ideyasını həyata keçirmək üçün müxtəlif layihələr işləyib hazırlayıb və bu layihələri reallaşdırmaqdan üçün öz havadarlarına təqdim ediblər. Bu baxımdan ermənilərin Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam edib. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr və “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirilib, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülüb. Azərbaycanlılara qarşı bu tarixi haqsızlığı Ulu Öndər Heydər Əliyev belə qeyd edib: “Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”.

1988-ci ildə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı isə 230 min nəfər (49928 ailə) olub. Bakıda və SSRİ-nin başqa şəhərlərində təhsil alanlar, təhsil alıb təyinatla işləməyə göndərilənlər, SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmətdə olanlar da nəzərə alınarsa, deportasiya olunanların sayı 300 min nəfərə yaxın olub. Prezident İlham Əliyevin cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə deyib ki, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi”

Bütün bunlar Cənab Prezidentin dediyi kimi, Sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlər idi: “Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı”.

Prezident İlham Əliyev dəfələrlə Ermənistan tərəfindən Azərbaycan və azərbaycanlılara qarşı cinayətləri və saxtakarlığı beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirib. Bu səbəbdən Prezident İlham Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Bu kimi faktlarla bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında həm Ulu Öndər Heydər Əliyev, həm də Cənab Prezident misilsiz səylər göstəriblər. Dövlətimizin başçısı dekabrın 24- də bir daha qeyd edib ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. “Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”, deyə o əlavə edib. Öz nitqində Prezident İlham Əliyev hüquqi müstəvidə bütün lazımi tədbirlərin görülməsinin önəmini qeyd edib: “Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər”.

Azərbaycanın tarixində yeni səhifə, yeni inkişaf dövrü başlanır. Azərbaycanın quruculuq, Böyük Qayıdış missiyası start götürüb. Bu qaydışı təkcə Qarabağa, Zəngəzura deyil, Qərbi Azərbaycana da olacaq…

 

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir