Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Su hövzələrinin təmiz saxlanması və qorunması aktuallaşır

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun daxili işlər üzrə sədr müavini Mehdi Mehdiyevdir.

-Mehdi müəllim, Azərbaycanın hansı bölgələrini balıqçılıq turizmi baxımdan daha əlverişli hesab edirsiniz?
-Bakı ərazisində Xəzər dənizi sahili, Türkan, Zirə, Şıx həvəskar və ya idman balıq ovu, eləcə də balıqçılıq turizmi baxımından əlverişli sayıla bilər. Qaradağ rayonunu da buraya əlavə edərdim. Rayonlardan Lənkəranın Xəzər sahili və Xanbulan gölü, habelə, Mingəçevir su anbarı, Şəmkir su anbarı kimi hövzələr bu baxımdan münasib sayıla bilər.

-Azərbaycanda su resurslarının və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
-Yaxın keçmişə baxdıqda, bəli, bu sahədə vəziyyət aktuallaşır. Ümumilikdə, ölkəmizdə su hövzələrinin və onlardakı bioresursların qorunması üçün hələ çox işlər görmək lazımdır. Bu sahədə daha müsbət nəticələr əldə etmək məqsədilə beynəlxalq təcrübəni öyrənmək olar.

-Su resurslarının və onlardakı bioresursların qorunmasında bir həvəskar balıqçı kimi daha hansı təklifləriniz ola bilər?
-Mən mədəni balıqçılığın inkişafının tərəfdarıyam. Bu işi həm də təbiəti sevərək etmək lazımdır.Çünki hamımız bu təbiətin bir parçasıyıq. Su hövzələrinin və sahil boyu ərazilərin təmizliyi, xırda balıqların yaşadılmasında qaydaların qorunması, balıqların populyasiyasına bütün qaydalara və qanunvericiliyə riayət etməklə şərait yaradılması, qadağan olunmuş torlardan istifadənin qəti şəkildə aradan qaldırılması lazımdır. Tok alətləri ilə balığın ovlanması hallarına qarşı barışmaz münasibət göstərməliyik. Cəmiyyətin hər bir nümayəndəsi bu cür hallara qarşı barışmaz olmalı, lazımi müqavimət göstərməli, müvafiq qurumlara bu barədə məlumat verməlidir. Bundan başqa, balıqların populyasiya vaxtının düzgün təyin olunması və onların ovlanma vaxtlarına və qaydalarına düzgün əməl olunmasına ciddi nəzarət etmək lazımdır.

-Azad edilmiş ərazilərmizdə su resursları və onlardakı biomüxtəliflik necə qorunmalıdır?
-O ərazilərdən bu barədə kifayət qədər məlumatım yoxdur. Hal-hazırda dövlətimiz oranın inkişafı üçün çalışır. O ərazilərdə də balıqçılıq turizminin yaranması üçün şərait var və gələcəkdə bundan səmərəli istifadə olunacağına əminəm.

-Brakonyerliyə qarşı mübarizədə hər bir həvəskar balıqçı necə davranmalıdır?
-Qeyd etdiyim kimi, belə yaramaz hallara qarşı dövlətin dəstəyilə sərt və ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bunun üçün balıqçılar və cəmiyyət də əlbir olmalı və lazımi işlər görülməlidir.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir