Sumqayıtda yaşayış massivindən keçən kanalda antisanitar vəziyyət yaranıb, ərazini üfunət bürüyüb

Sumqayıt şəhərindən keçən “Acıdərə” kanalında antisanitar vəziyyət yaranıb. Bu barədə “Report”un yerli bürosuna kanalın keçdiyi “Yaşıl dərə” yaşayış massivinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, kanaldan axan çirkləndirilmiş su və uzun müddət burada yığılmış tullantılar səbəbindən ərazini üfunət bürüyüb. Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda isə buranın bataqlığa çevrildiyini bildiriblər: “Biz çirkli suyun axdığı bu kanalın xəstəliklər yaya biləcəyindən narahatıq. Bununla yanaşı burada yağış yağdıqda vəziyyət daha da çətinləşir. Kanalın suyu həyətlərə və evlərin zirzəmilərinə dolur. Buna görə də qışda uzunboğaz çəkmələrdən istifadə etməklə gəzməyə məcbur oluruq. Qarşıdan yeni tədris ili gəlir, uşaqlar buradan hərəkət edə bilmirlər. Çünki yağış yağanda kanalın suyu küçələrə və yollara axır. Bununla yanaşı əraziyə ağcaqanad və milçəklər doluşur. Həmçinin kanal heç bir məhəccər və ya hasarla əhatələnmədiyindən uşaqların həyatı təhlükəyə düşür. Çünki xüsusən qaranlıq vaxtlarda buradan keçən şəxslər ayağı sürüşə və kanala düşə bilərlər. İndiyə qədər bu kimi hallar bir neçə dəfə təkrarlanıb”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, “Acıdərə” kanalının şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb. Qeyd olunub ki, kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Vurğulanıb ki, bu istiqamətdə işlərin davam etdirilməsi, yəni açıq qalan hissələrin də boruya salınması nəzərdə tutulub.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir