Ulu Öndər Heydər Əliyev: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan”.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra qardaş Türkiyə ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verib. Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə verdiyi əhəmiyyəti ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə və Azərbaycan dost-qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı, dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşıb və bu gün özünün yeni mərhələsinə çatıb. İndi Azərbaycan müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycanın müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanıyıb. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, xarici təşkilatlar tərəfindən tanınmasında çox böyük addım olub. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü il fevralın 8-11-də Türkiyəyə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və keyfiyyətdə qurulmasına, həmçinin inkişafına zəmin yaratdı.
Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyev Türkiyə ilə əlaqələrin qurulmasına hər zaman böyük əhəmiyyət verib. Ulu Öndər Ali Məclisin sədri kimi Naxçıvanı blokadadan çıxarmaq üçün Türkiyəyə səfərlər edib, dövlət və hökumət başçıları ilə görüşüb, müzakirələr aparıb. Məhz Heydər Əliyevin dünyaşöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayıb. Ulu Öndərin Türkiyənin Baş naziri, sonra isə Prezidenti Süleyman Dəmirəllə möhkəm dostluğa və qardaşlığa çevrilən xoş münasibətləri sayəsində 1992-ci il martın 24-də Ankarada Naxçıvan ilə Türkiyə arasında əməkdaşlıq protokolu imzalanıb. Məhz SSRİ dağılandan sonra Türkiyə ilə müstəqilliyini əldə etmiş türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi, humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrin böyük əhəmiyyətə malik olduğu fikri Heydər Əliyev tərəfindən vurğulanıb.
Ümummilli Lider Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan əlaqələri təhsil, mədəniyyət, xüsusilə də siyasət və iqtisadiyyat sahələrində də böyük irəliləyişlər əldə edib. “Əsrin müqaviləsi”ndən sonra Heydər Əliyev o dövrdə arzu sayılan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzərində işləməyə başladı. Bu layihənin çətinliklərinə baxmayaraq, o, məqsədinə nail oldu. BTC ilə Azərbaycan nefti bu gün Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılır, bu layihədən əldə olunan gəlir hesabına ölkəmizin elmi, mədəni və iqtisadi inkişafı təmin edilir.
Ulu Öndərin “Bir millət, iki dövlət” tezisi isə milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir.
Yerigəlmişkən qeyd edim ki, Ulu Öndər Heydər Əliyev türkdilli ölkələrin dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak edib və bu əməkdaşlıq formatında Azərbaycanın təşəbbüskar mövqeyi hər zaman öndə olub.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin onillik prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir.
Akif Teyli, “Azərbaycan Respublikasının əməkdar müəllimi”