Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi

Türk dünyasının, xüsusilə də Azərbaycanın etnik coğrafiyası onun siyasi coğrafiyasından qat-qat böyükdür. Bu gün Azərbaycan Respublikası hər tərəfdən öz tarixi torpaqları ilə həmsərhəddir. Bu, bir yandan torpaqlarımızın bölünməsi, gücümüzün, dünyanın və regionun iqtisadi-siyasi həyatına təsir imkanımızın azalmasıdırsa, digər tərəfdən də bizi hər zaman düşünməyə məcbur edən, pasionarlığımızı stimullaşdıran və milli kimlik şüurumuzu diri saxlayan başlıca amillərdən hesab olunur.Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yarada bilən mühüm güc olduğunu göstərdi. Ötən iki ildə Azərbaycanın yürütdüyü daha çevik və haqlı olaraq ambisiyalı siyasət isə xarici siyasətimizdə yeni mərhələnin əsas ştrixlərindən sayılır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Şurasının Gənclər Platformasının Baş Assambleyasının üzvü olan “Demokratik Azərbaycan naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, jurnalist Elməddin Behbud söyləyib.E.Behbud qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan başda olmaqla, bir çox geosiyasi mərkəzlərin “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” tezisinin praktik olaraq çürüklüyünü göstərdi. Beynəlxalq vasitəçilərin 30 illik susqunluğu və fəaliyyətsizliyi qarşısında öz gücünə inandığını real şəkildə göstərdi və torpaqlarını Ermənistanın işğalından azad etdi. Azərbaycan müharibədən çıxan dövlət olmasına baxmayaraq Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra işğaldan azad etdiyi ərazilərdə nəhəng infrastruktur layihələrinin hazırlanmasına və həyata keçirilməsinə başladı. Əvvəlcə Füzulidə, sonra isə Zəngilanda beynəlxalq hava limanı inşa edildi. Laçında beynəlxalq hava limanının inşasına başlanıldı. Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi üzrə dəmir və avtomobil yollarının inşasını sürətlə həyata keçirir.Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə bağlı ilk pilot layihə başa çatdırıldı və artıq yerli sakinlər Ağalıda – “Ağıllı kənd”də yaşamaqdadır. Hazırda Ağdamdan Laçınadək bu rayonların ərazisi böyük inşaat meydançasını xatırladır.Bu infrastruktur layihələri ilə yanaşı, Azərbaycan ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutlarının – media, QHT nümayəndələrinin işğaldan azad olunan ərazilərə səfərini təşkil edərək Ermənistanın xalqımıza aid maddi mədəniyyət nümunələrini, yaşayış evlərini vəhşicəsinə darmadağın etdiyini nümayiş etdirməklə informasiya müharibəsində də boşluq olmasına imkan vermədi.Eyni zamanda, dövlətimiz ikitərəfli və çoxtərəfli qaydada beynəlxalq münasibətlərin subyekti kimi regional təhlükəsizliyin təmin olunması, nəqliyyat dəhlizlərinin effektivliyinin artırılması, enerji daşıyıcılarının dünya bazarına çıxarılması və digər bir sıra mühüm sahələrdə də fəallığını artırmaqdadır. Sevindiricidir ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaş kimi etimadını artırmaqdadır.Azərbaycan Prezidentinin bu gün türk dünyasının qədim sivilizasiya mərkəzlərindən olan Səmərqənddə söylədiyi “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır” fikrini xarici siyasət kursumuzun yeni elementi, həmçinin, tarixi proseslər nəticəsində Azərbaycanın bu gün 86,6 min kvadratkilometr əraziyə məhkum edilməsinə etiraz kimi də qəbul etmək olar.DANİB-in sədri bildirib ki, azərbaycanlıların etnik coğrafiyasından danışarkən diqqət müstəqil dövlətimizdən sonra təbii olaraq, ilk növbədə, İrana yönəlir. O İrana ki, son min illik tariximizin ən mühüm və hazırda əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Azərbaycanın heç zaman İran əleyhinə beynəlxalq sanksiyalara qoşulmamasına və bır sıra sahələrdə İrana davamlı şəkildə dəstək olmasına baxmayaraq rəsmi Tehranın antiazərbaycan siyasəti zaman ötdükcə daha da vüsət almaqdadır. Azərbaycanın Qarabağı erməni işğalından azad etməsindən sonra isə əhalisinin əksəriyyəti müsəlman, yarıdan çoxu isə türk olan İran Azərbaycanı açıq şəkildə təhdid etməyə və müstəqil dövlətimizə qarşı açıq şəkildə ermənilərlə eyni mövqedən çıxış etməyə başlayıb. Təbii ki bu, qarşılıqsız qala bilməz və istər Azərbaycan silahlı qüvvələrinin ölkəmizin cənub ərazilərindəki hərbi təlimləri, istərsə də Ərdəbildən Tehranadək güneyli azərbaycanlıların sosial şəbəkələrdə və meydanlarda kəskin etirazı ilə cavablandırılır.Bəli, bu gün 97 il əvvəl İran adlanan dövlətdə itirdiyimiz (1925-ci ilin dekabrında Əhməd Şah Qacar devrildi və Rza Pəhləvi Şah elan olundu) siyasi idarəçilik kürsüsünü qısa müddətdə bərpa etməyimiz bir çoxlarına o qədər də praqmatik baxış, real gözlənti təsiri bağışlamaya bilər. Ancaq etiraf etməliyik ki, türk dünyasının birliyi, müstəqil türk dövlətlərinin konsolidasiyası istiqamətində bu gün gəlinib çıxılan mərhələ də vaxt var idi ki, xəyal idi.Cari ilin iyun ayının əvvəllərində Buxarada Türk Dövlətləri IV Gənc Liderlərin Forumunda iştirak edərkən Selçuk Bayraktarın şəhərin qədim qala divarlarının önündəki açıq hava toplantısında yüzlərlə insanın önündə söylədiyi möhtəşəm nitqi, o cümlədən onun türk gəncliyinin qarşısında duran vəzifələr və Qarabağ zəfəri barəsindəki fikirlərini dinləyərkən istər-istəməz gözümün önündə Əmir Teymurun möhtəşəm zəhimli siması, bozqırların hakimi olan qıyıqgözlü türk atlıları, Türküstan çöllərində bolşeviklərlə son gülləsinə qədər vuruşub şəhid olan mübarizlərimiz canlanırdı. Yaxınlığımda əyləşən Özbəkistanın dövlət qurumunda çalışan şəxsdən soruşdum ki, 10 il öncə burada türk dünyası ilə bağlı belə toplantı keçirmək mümkün idimi? Həmin şəxs gözünü qırpmadan mənə “xeyr” cavabı verdi və mənalı baxışları ilə bu cavabı sanki uzun-uzadı izah etdi…Bu cəhətdən hazırda müasiri olduğumuz və qlobal proses artıq regionda təhlükəsizliyin təmin olunması üçün öz siyasi, iqtisadi və hərbi gücünə söykənən yeni geosiyasi çətirini formalaşdırmaq yolunda dayanmadan irəliləyın Türk Dövlətləri Təşkilatının sıralarına müəyyən zaman ötəndən sonra nəinki Güney Azərbaycanın da qoşulması sürpriz olmamalıdır.Türk dünyası bu gün 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə təsis olunan Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində vahid məqsədlər ətrafında konsolidasiya olur, sıralarını genişləndirir, bütövləşir, əməkdaşlığını dərinləşdirir və inkişaf edir. TDM bu gün ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünyada 7-ci böyük iqtisadi gücdür. Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i hazırda 4 trilyon 586 milyard dollar miqdarında qiymətləndirilir. Alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334,3 milyard, Azərbaycan 178,7 milyard, Türkmənistan 117,8 milyard və Qırğızıstan 39,2 milyard dollar ÜDM-ə malikdir. Təbii ki, episentrində Türkiyənin dayandığı TDT tarixi və mədəni eyniliyin verdiyi siyasi güclə yanaşı, uzun müddət müxtəlif qlobal güclərə xidmət edən bu iqtisadi potensialını da real dəyərləndirir.TDT-nin lokomotivlərindən olan Azərbaycanın türk dünyasının siyasi coğrafiyasının qərb və şərq hissələrinin ayrılma nöqtəsi olan Zəngəzura olan tarixi haqqımızla bağlı mövzunu fəal şəkildə siyasi diskursa gətirməsi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasını müxtəlif bəhanələrlə təxirə salmağa çalışan Ermənistan qarşısında dəhlizin açılması ilə bağlı israrlı və qəti mövqe nümayiş etdirməsi türk dövlətləri arasında ticarət dövriyyəsinin perspektiv planda xeyli yüksələcəyini vəd edir. Prezident İlham Əliyevin Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etməsi ilə bağlı bu gün Səmərqənddə verdiyi açıqlama, “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq” mesajı da bu kontekstdə mühüm əhəmiyyətə malikdir.“Bu gün Türk Dövlətləri Təşkilatı yenidən dizayn olan və qütbləşməsi kəskinləşən müasir dünyada Asiyanın əski və ən böyük gücünün təmsilçisi kimi yeni geosiyasi mərkəzə çevrilmək iddiasını bir daha elan etmiş oldu. Azərbaycan da böyük türk ailəsinin üzvü kimi addım-adım, ancaq qəti şəkildə Turana doğru gedir. Xəyal yox, gerçək Turana!”, – deyə İctimai Birliyin sədri vurğulayıb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir