Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Xalq Cümhuriyyətinin varisi

Səfirliklərimiz və diaspor təşkilatlarının da xaricdə 28 May – Müstəqillik Günü ilə bağlı keçirdikləri bayram mərasimləri milli qürurun təzahürüdür

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublikadır. AXC-nin bütün vətəndaşlarına dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq tanıyıb. Ölkənin əsas atributları- himnimiz, bayrağımız qəbul edilib, rəsmi dili Azərbaycan dili olub. Ölkənin mədəniyyəti inkişaf edib. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Təəssüflər olsun ki, AXC cəmi iki il ayaqda qalmışdır. Sonra 71 il Sovet hakimiyyəti tərəfindən idarə olunmuş Azərbaycan 1991-ci ildə, nəhayət, öz müstəqilliyinə qovuşmuşdur. İlk illər çox ağır və çətin keçmişdir. Ölkəni parçalamağa çalışan, mitinq edən, hakimiyyət uğrunda vuruşanlar olmuşdur. Ölkənin iqtisadi-siyasi vəziyyəti tamamilə qeyri-stabil olmuşdur. 1993-cü ilin iyun ayından etibarən ölkədə xalqın tələbi ilə hakimiyyətə Ümummilli Lider Heydər Əliyev gəlib. Onun hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi-siyasi durumu stabilləşməyə doğru gedir. Xalqımızın şərəfli tarixi olan bu dövrü (1918-1920) hazırda öyrənilir. Ulu Öndər Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi və bu dövlətin qurucularının xatirəsini əbədiləşdirmək üçün mühüm sərəncamlar verib. 28 May-Müstəqillik Günü tarixi təqvimə qızıl hərflərlə yazılıb. Azərbaycan, məhz Ümummilli Lider Heydər Əliyevin dediyi kimi Xalq Cümhuriyyətinin varisidir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Bildiyimiz kimi, Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra SSRİ-nin tərkibində olaraq xalqımızı məhv etmək istiqamətində siyasət həyata keçirilirdi. Bu proses 1960-cı illərədək davam etdi. Heydər Əliyev DTK-nın sədri seçilməsilə ilk dəfə Azərbaycan tarixində millətin taleyi həmin millətdən olan insanın imzasına etibar olundu. Ulu Öndər Heydər Əliyevin çox böyük tarixi xidmətləri oldu. Keçmiş SSRİ-nin Siyasi Büronun üzvü olmaqla isə O, idarə olunan xalqı idarə edən xalqa çevirdi. Ulu öndərimiz Üçrəngli bayrağımızı əbədi və əzəli olaraq zirvələrə ucaltdı.

2003-cü ildən sonra isə Ulu Öndər Heydər Əliyev kursunun layiqli və uğurlu davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatı görünməmiş inkişaf yolu keçir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim ehtiramla anır. 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.

Xaricdə fəaliyyət göstərən səfirliklərimiz və diaspor təşkilatlarının da 28 May – Müstəqillik Günü ilə bağlı keçirdikləri bayram mərasimləri milli qürurun təzahürüdür. Tədbirlərin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu tədbirlərdə Azərbaycan, türk, Avropa və ərəb və digər xaqların diaspor nümayəndələri də iştirak edir. Bayram mərasimlərində Müstəqillik Gününün yaranma tarixi haqda ətraflı məlumat verilir. Həmçinin filmlər nümayiş olunur, qonaqlara Azərbaycanın milli yeməkləri təqdim edilir. Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycanla bağlı müxtəlif kitab, jurnal və məlumat vərəqələri paylanılır.

Bu gün müstəqil dövlətimiz uğurla inkişaf edir. Azərbaycan daha böyük uğurları ilə daima irəli addımlayır.


İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir