Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Xalqımız 5 il öncə inkişafa, tərəqqiyə, gələcəyə səs verdi

2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərindən 5 il ötür. Azərbaycan xalqı hər zaman olduğu kimi prezident İlham Əliyevə güvənini və dəstəyini bir daha əyani şəkildə sübut etdi. Seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev növbəti müddətə prezidentlik vəzifəsini icra etməyə başladı. Hansıki yeni dönəm istər Azərbaycan tarixi, istərsə də xalqımız üçün unudulmaz səhifələrə çevriləcəkdi.

11 aprel 2018-ci il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Əvvəlki seçkilərdə olduğu kimi, 2018-ci il aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı da Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin, 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyevin “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikrini ifadə etməsi onu deməyə əsas verir ki, bəli, Prezident İlham Əliyev həyatını dövlətə, xalqa xidmətə həsr edib və qədirbilən Azərbaycan xalqı da onu əbədi olaraq özünə rəhbər seçib.

«İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər» deyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. Məhz bu baxımdan da 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Faktlara diqqət yetirmək kifayətdir. Belə ki, bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26.6 dəfə artıb. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 2018-ci ilə kimi, yəni 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.

2018-ci il 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi növbəti illərdə respublikada daha böyük və genişmiqyaslı islahatlar naminə atılmış addım idi. Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin 18 aprel 2018-ci il tarixdə keçirilmiş andiçmə mərasimində çıxış zamanı bir daha bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır… Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın… Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir… Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır… Bu, onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bu, onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha güclü olmalıyıq və olacağıq!”.

Bəli, Qarabağ Azərbaycandır reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşdu. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdi. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü.

Artıq bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Möhtərəm prezident İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Azərbaycan xalqı Prezident İlham Əliyevi seçməklə görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir.  Başqa sözlə, xalqımız inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir.

Nəticə olaraq sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev son 20 ildəki uğurları bir daha təsdiqləyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla bundan sonra da daha böyük nailiyyətlərə imza atacağının şahidi olacaqlar.

 

Fuad Heydər – siyasi sərhçi

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir