Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.
“Report” xəbər verir ki, bu, Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində baş tutub.
Xatırladaq ki, sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.