Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

“Yaşıl kənd”, “yaşıl şəhər”, “yaşıl energetika” konseptlərinin məntiqi davamı Qarabağda ekoturizmı inkişaf etməkdir

Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi: “Su hövzələrindən və onların ehtiyatlarından ekoturizm məqsədilə istifadə etmək üçün bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, bir sıra qaydaların, reqlamentlərin və standartların işlənməsinə ehtiyac duyulur”

“Azad olunmuş ərazilərdə ekoturizm fəaliyyətlərinin yaradılması bizneslar üçün əlçatan olmalıdır”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Bu dəfə müsahibimiz Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndidir.

– Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə “yaşıl artım” prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

– Məlum olduğu kimi, ekologiya, o cümlədən, su ehtiyatlarının səmərəli istismarı və idarə edilməsi dünya üçün gündəmdə olan məsələdir və bu suallar ölkələr üçün bir sıra çağırışlar yaradırlar. Ölkəmizdə su hövzələrinin və onların bioresurslarının qorunması bir sıra dövlət qurumları vasitəsilə həyata keçirilir. Düşünürəm ki, ölkəmiz, bütövlükdə əhali sudan səmərəli istifadə etmək məsələlərinə daha da diqqətli olmalıdır. O ki qaldı su hövzələrindən və onların ehtiyatlarından ekoturizm məqsədilə istifadə etmək məsələsinə, zənnimcə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, bir sıra qaydaların, reqlamentlərin və standartların işlənməsinə ehtiyac duyulur. Ümumilikdə isə ekoloji maarifləndirməni gücləndirməliyik, ekoturizm fəaliyyətlərinin yaradılması bizneslar üçün əlçatan olmalıdır.

– Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənadan bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Bu istiqamətdə araşdırmalar aparılırmı?

– Ekoloji maarifləndirmə insanlar üçün kiçik yaşlardan başlamalıdır. Bu, bir fəlsəfəyə, həyat tərzinə çevrilməlidir. Yaşlı qrup insanlarla da işləmək zəruridir. Öncə qeyd etdiyim kimi, qanunvericiliyin təkmilləşdirilməsi və güclü maarifləndirmə nəticəsində qeyd etdiyiniz məsələlərin qarşısını almaq, sudan, bioresurslardan, təbiətdən səmərəli istifadə etməyə, biomüxtəlifliyi qorumaqa nail ola bilərik. Ovçuluq və balıqçılıq sahəsində əfsuslar ki, hələ də brakonyerlik və təbiəti məhvetmə halları ilə üzləşirik.

– “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekeloji durumuna hansı təhlükə və təhdidləri var?

Bu suala daha dəqiq ekoloqlar və energetiklar cavab verə bilərlər. Yalnız mən qeyd edə bilərəm ki, alternativ və bərpa olan energetikanı çıxmaq şərtilə və bu yaxın tarixlərədək, AES Nüvə Elektrik Stansiyaları, onların düzgün istismar edilməsi şərtilə, ən təhlükəsiz və ekoloji enerji istehsalı hesab edilirdilər. Yalnız bildiyimizə görə, Ermənistan “Metsamor”un su tullantılarını transsərhəd çaylara tökür, onun istismar müddəti artıq ötüb və bu, bütün region üçün təhlükə yaradır. Azərbaycan artıq bu nüvə stansiyasının bağlanması haqqında beynəlxalq səviyyədə cağırışlar etmişdir. Ümid edək ki, bu cağırışları beynəlxalq dairələr eşidəcəklər və tezliklə bu istiqamətdə müvafiq ölçülər götürüləcəklər.

– “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

– Qarabağ və Şərgi Zəngəzurun, o cümlədən, ümumilikdə bütün ölkənin ekoturizm potensialı yüksəkdir. Nadir və fərqli təbii və antropogen resurslarla zəngin olan vətənimizin hər bir guşəsi ekoturizm fəaliyyətləri üçün yararlıdır. Ekoturizm anlayışı bir qədər düşündüyümüzdən daha geniş anlayışdır, davamlı inkişaf prinsiplərini özündə cəmləyir. Ekoturizm baxımından təbii resurslarla yanaşı, xalqımızın milli irs nümunələri, tarixi-memarlıq inciləri, milli mətbəxi, folkloru və digər eko-etno-sosial mühüti də nəzərdə tutulur. Biz bunları qorumalı, gələcək nəslə ötürməliyik. Deməli ehtiyatla, qoruyaraq, mühafizə edərək istifadə etməliyik. Bu halda biz davamlılıq prinsiplərinə sadiq qalmış olarıq.

Ekoturizm, o cümlədən ümumilikdə turizm sənayesi iqtisadi fəaliyyət sektoru kimi qeyri-enerji sektorunda prioritet istiqamət kimi qəbul edilmişdir. Turizm iqtisadi faydaları ilə yanaşı, bir növ ideoloji yük daşıyır, ölkənin, onun resurslarının, əhalisinin, mədəniyyətinin, tarixinin tanıdılmasında, dünyada imicinın formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, yaxın gələcəkdə Qarabağ və Şərgi Zəngəzurda ekoturizm fəaliyyətləri əhəmiyyətli dərəcədə artacaqlar. Ölkə Prezidenti tərəfindən əsası qoyulmuş “yaşıl kənd”, “yaşıl şəhər”, “yaşıl energetika” konseptlərinin məntiqi davamı Qarabağda ekoturizmı inkişaf etməkdir.

– Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

– Qeyd etmək istərdim ki, hazırda Qarabağ və Şərgi Zəngəzurda Milli Parkların və turizm rekreasiya zonalarının yaradılması üzərində işlər aparılmaqdadırlar. Xüsusi mühafizə olunan təbii ərazilərin yaradılması, həmin ərazilərdə ekoloji norma və tələblərə riayət edərək ekoturizm fəaliyyətlərinin formalaşmasına yol açaçaqdır. Hazırda milli parkların ərazilərində ekoturizm fəaliyyətlərinə o qədər də ciddi diqqət yetirilmir. Bu sahədə ciddi islahatların aparılmasına ehtiyac duyulur.

Məncə böyük qayıdış çərçivəsində Qarabağ regionuna köç edən həmvətənlərimiz, həmin torpaqların həqiqi sahibləri, qeyd etdiyiniz mənfi halların baş verməsinə yol verməzlər. Qarabağ hər bir vətəndaşımız üçün əziz, doğma və müqəddəs torpaqdır. Bu ərazilərin inkişaf edilməsi hər birimizin müqəddəs borcudur. Biz Qarabağı yaxın gələcəkdə dünyanın parlaq turizm destinasiyalarından birinə çevirməyə qadirik və bu mütləq olacaq.

– Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?

– Bu sual çərçivəsində bir məsələyə toxunmaq istərdim. Ekoturizmə yanaşmalar və bu anlayışı qavrama tərzləri cəmiyyətdə fərqlidir. Bəzi hallarda, hətta, ekoturizm adı ilə xidmətlər təklif edən insanlar, bizneslar ekoturzmın mahiyyətini tam anlamırlar. Misal üçün, off-road, böyük mühərrikli, dizel və tullantıları yüksək hesab edilən avtomibillərlə təbii məkanlara, o cümlədən xüsusi mühafizə olunan ərazilərə səfərlər heç bir mənada ekoturizm fəaliyyəti kimi qələmə verilə bilməz. Və yaxud ovçuluq və balıqçılıq adı ilə faunanı məhf etmək, bir növ vəhşi heyvanlara qarşı “soyqırım” törətmək əməlləri də böyük təəssüf hissləri bizdə doğurur. Arzu edərdik ki, KİV-lər, televiziya, radio və informasiya internet resursları ekoloji mövzulara, ekoloji maariflənməyə, ölkədə, əhalidə ekoloji mədəniyyətin artırılmasına və ekoturizm mövzularına daha çox diqqət yetirsinlər, tematik verilişlərə, məqalələrə, araşdırılmalara xüsusi yer ayrılsın. Fürsətdən istifadə edərək, redaksiyaları və redaktorları buna çağırmaq istərdim.

Digər tərəfdən turizm iqtisadi fəaliyyət növü olaraq, biznes kimi anlaşılır. Bildiyimiz kimi, hər bir iqtisadi sektorun inkişafı üçün bir neçə amil təmin edilməlidir, onlardan biri isə həmin sektorun kreditləşdirmə şərtidir, bu, olduqca zəruri iqtisadi alət kimi qəbul edilir. Ekoturizm və ümumilikdə turizm və qonaqpərvərlik sənayesinin biznes kreditləşmə şərtlərinin yenidən nəzərdən keçirilməsinə zərurət yaranıb, likvidlik, zaminlik, girov və sair məsələlərin turizm sektorunun tələblərinə uyğunluğunun təmin edilməsi arzuolunandır.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir