Zamanla ayaqlaşan YAP  

Prezident İlham Əliyev: “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir”

 

  Bu gün Yeni Azərbaycan Partiyasının 31-ci ildönümüdür. Bu ötən müddət ərzində Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gəlib. Əlbəttə ki, bu tarixi gün münsibətilə bütün partiya üzvlərinə, bütövlükdə Azərbaycan xalqına təbrik düşür. 21 noyabr bütün Azərbaycan xalqının və dövlətinin həyatında önəmli rol oynayan tarixi bir gündür. 31 il əvvəlki Azərbaycanda ictimai-siyasi vəziyyəti analiz edəndə YAP-ın yarnmasının obyektiv zərurət olduğunu görərik. Bu, Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabından da bu aydın hiss olunur: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Bəli, bu müddətdə YAP Ulu Öndərin qeyd etdiyi kimi oz tarxi missiyasını yerinə yetirib. Azərbaycanın dövlət və dövlətçiliyinin inkişafında, siyasi mühitin şəffaflığında əhəmiyyətli rol oynayıb.  Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Məhz buna görədir ki, partiya xalqın sevgisi, dəstəyilə 30 ildir ki, iqtidardadır.

 

Yeni Azərbaycan Partiyası hər zaman məsuliyyətini dərk edib. Bu, xalq qarşısında olan milli  məsuliyyətdən irəli gəlir. Bu günə kimi YAP tərəfindən atılan real addımlar öz effektini verib.  Partiyanın fəalları insanları dinləyiblər. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası, hər zaman xalqın maraqlarını müdafiə edib. Yəni partiya xalqın maraqları üzərində işlər həyata keçirib. Bu, YAP-ın bir nömrəli vəzifəsidir. Biz bunu hazırda dinamik inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn insanların timsalında görürük. Buna görə də xalqımız əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda  Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu dəstəkləyir. Bütün bunlar Yeni Azərbaycan Partiyasının fəallarını daha da həvəsləndirir. Partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Zaman dəyişdikcə həyat insanların və dövlətlərin qarşısına yeni vəzifələr qoyur.  Bu müddətdə YAP zamanla ayaqlaşıb və özünün tarixi məqsədlərinə uğurla çatıb. Əlbəttə ki, YAP-ın da qarşısında yeni vəzifələr dayanır. Bunu bütün YAP üzvləri təbii qəbul edir. Bu kimi vəzifələr YAP-ın I qurultayının qətnaməsində qeyd edilib: “Qurultay təsdiq edir ki, Partiyanın yarandığı dövrdə onun Proqramında və respublika əhalisinə ünvanlanmış müraciətdə göstərildiyi kimi Azərbaycan çox ağır siyasi, iqtisadi, sosial və mənəvi böhran keçirmiş, dövlətçiliyimiz təhlükə qarşısında olmuşdur. Ölkədə milli və vətəndaş qarşıdurması, silahlı dəstələrin özbaşınalığı, ölkənin var-dövlətinin talan edilməsi dözülməz həddə çatmışdı. Vəziyyətin ağırlığı, çıxılmazlığı, həyatın qeyri-sabitliyi gələcəyə ümidsizlik yaradırdı. Mühüm dövlət vəzifələrinə cinayətkar dəstələrə havadarlıq edən şəxslərin irəli çəkilməsi nəticəsində ölkədə hökm sürən özbaşınalıq, mənəmlik, xalqın istək və arzularına etinasızlıq, ifrat millətçi və yarıtmaz milli siyasət nəticəsində, ölkədə baş alıb gedən separatçı hərəkatlar ölkəmizi 1993-cü ilin iyun fəlakəti ilə qarşılaşdırmış və AXC-Müsavat hakimiyyətinin aqibətini həll etmişdir.

Qurultay həm daxili, həm də xarici irticaçı qüvvələrin üst-üstə düşən mənafelərinin məngənəsində parçalanmaq və yox olmaq təhlükəsinin Azərbaycan üçün mövcud olduğu çətin məqamda xalqın istəyi və tələbi ilə Partiyanın lideri Heydər Əliyevin cəsarətlə böyük qurtuluş missiyasını 1993-cü ilin iyununda öz üzərinə götürməsini, qısa müddət ərzində görülən mühüm işlər nəticəsində Azərbaycanda dövlətçilik və qanunçuluğu möhkəmləndirməsini, siyasi böhranı, milli və vətəndaş qarşıdurmasını aradan qaldırmasını, xaos, anarxiya və hakimiyyətsizliyə son qoymasını yüksək qiymətləndirir və bütün bunları Azərbaycanın xilası hesab edir”.

Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Ötən ilin noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə Prezident İlham Əliyev deyib ki, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir: “Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar”.

Artıq YAP Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilib. Buna görə də YAP “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” uğurla inkişaf etməkdədir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir