Dil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Bütün bunlarla yanaşı, Azərbaycan dili, həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm amillərdən biridir. Bir sözlə, ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bu önəmli məsələdən danışarkən, bir məqamı xatırlatmaq istərdim. Belə ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Vəziyyətin dəhşətli şəkil alması özünü onda göstərirdi ki, hələ ötən əsrin 30-ci illərində dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri tərəfindən də ana dili məsələsinin gündəmə gətirilməsi son dərəcə müşkül bir iş idi.
Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan ümummilli liderimiz Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Ulu öndərimizin təşəbbüsü ilə 1978-ci il aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.
Yeri gəlmişkən, dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dönəmlərində dilçi alimlərə xüsusi qayğı ilə yanaşırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər dilimizin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Onu da qeyd edim ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.
Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi sənəd dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edib.
Yeni əlifbanın tətbiqi də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” ulu öndərimizin 9 avqust 2001-ci il tarixli fərmanı tarixi hadisədir.
Bundan başqa, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılıb, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılıb.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə daim sadiqlik nümayiş etdirib. Dövlətimizin başçısı tərəfindən 2004-cü il yanvarın 12-də imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırb. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq etməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından böyük tarixi hadisədir. Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Xatirə RƏHİMBƏYLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü