XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.
Görüş “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiyasında baş tutub. Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayarı salamlayan beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildirib ki, Azərbaycanla Monqolustan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Nəzərə alsaq ki, Monqolustan həm də qədim türk dövlətlərinin qurulduğu məkan olub, bu ölkə, Azərbaycan da daxil olmaqla, Türk dünyasının hər zaman maraq dairəsindədir. Baş redaktor onu da xatırlayıb ki, Azərbaycan və Monqolustanı qədim tarixi-mədəni əlaqələr, eləcə də Sovet İttifaqı illərindəki mədəniyyət və təhsil sahələrində əməkdaşlığın xoş xatirələri birləşdirir. Məsələn, 1971-ci ildə Monqolustan Xalq İnqilabının qələbəsinin 50 illiyinin qeyd edilməsi zamanı ilk dəfə Bakıda Monqolustan mədəniyyəti günləri keçirilmişdi. Azərbaycan ərazisində Çingiz xan və onun nəvəsi Hülakü xanın dövründən monqol imperiyalarının mədəni irsinə aid bəzi faktlar qorunub saxlanılıb. Həmçinin Azərbaycan dilində bəzi sözlər monqol dili ilə eynidir. Bütün bunlar o deməkdir ki, iki ölkə arasında mədəniyyət və elm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var. 1950-ci illərdən o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunda monqol tələbələr təhsil almağa başlayıb və o zamandan indiyədək 50-dən çox gənc mütəxəssis Azərbaycanın ali məktəblərini bitirib. 1970-80-ci illərdə Monqolustanda işləmiş sovet mütəxəssisləri arasında azərbaycanlılar da olub. İki ölkənin elmlər akademiyalarının tarix, arxeologiya və etnoqrafiya sahələri üzrə işgüzar əməkdaşlıq cəhdləri var.
Görüşdə “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyəti barədə müxtəlif mövzular barədə Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayara geniş məlumat verən baş redaktor Emil Nəsirli onu da vurğulayıb ki, son illər Monqolustan-Azərbaycan əlaqələri xüsusilə Monqolustan Prezidentinin 2018-ci ildə Azərbaycana səfərindən sonra intensivləşib. İlk Monqolustan-Azərbaycan biznes forumu 2018-ci ildə Ulan-Batorda keçirilib və daha sonra tərəflər 2021-ci ildə ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar. Üstəlik, ilk dəfə nazir müavinləri səviyyəsində xarici işlər nazirliklərinin siyasi məşvərəti keçirilib. Tərəflər hava nəqliyyatı və enerji sektorlarında əməkdaşlığa dair hökumətlərarası saziş layihələri üzərində səylə işləyirlər.
Görüşdə ölkəmizin Monqolustanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkənin qədim tarixi köklərə söykənən münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirən Emil Nəsirli, onu da əlavə edib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. “Ümid edirik ki, bütün bu addımlar, ikitərəfli münasibətlərin inkişafına təkan olacaq” -deyə baş redaktor qeyd edib.
Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi, jurnalın materiallarının rəngarəngliyi və orada dərc olunan aktual mövzuların təhlili istiqamətində atılan addımları yüksək qiymətləndirib, həmçinin müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycanın əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrildiyini xüsusi qeyd edərək, Monqolustanın tarix, mədəniyyət və adət-ənənə baxımından Türkiyə və Türk dünyası ilə çox oxşar cəhətləri olduğunu, hazırda ölkəsinin Türk dünyasının müstəqil təşkilatları ilə, məsələn, Beynəlxalq Türk Akademiyası, TÜRKPA və s. ilə əməkdaşlığa uğurla davam etdirdiklərini söyləyib.
Sonra Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini özündə əks etdirən foto stendlə tanış olub, “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra ənənəvi olaraq Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi jurnalın “Fəxri Xatirə kitabı”na ürək sözlərini yazıb, görüşdə “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə birgə foto çəkdirib.